Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılsın.
2. Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, bir ay müddətində:
2.1. Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan İpoteka Fondundan kreditlərin verilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan İpoteka Fondundan verilən kreditlərdə iştirak edəcək agent bankların siyahısını müvafiq meyarlar əsasında müəyyənləşdirib təsdiq etsin;
2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə birlikdə daşınmaz əmlak üzərində yaranan hüquqların dövlət qeydiyyatının daha təkmil sxem əsasında aparılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. ipoteka kreditləşməsinə yönəldilən vəsaitin həcminin davamlı olaraq artırılmasına nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə ipoteka istiqrazları təsisatının yaradılmasına və bu yolla Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və institusional investorların (o cümlədən sığorta şirkətlərinin, investisiya fondlarının və s.) maliyyə resurslarının Azərbaycan İpoteka Fonduna cəlb olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Müəyyən edilsin ki, ipoteka kağızının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılır.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:
4.1. 2006-cı il və növbəti illər üçün Dövlət büdcəsi layihələrində Azərbaycan İpoteka Fonduna vəsait ayrılmasını nəzərdə tutsun;
4.2. ipoteka kreditləşməsi sisteminin inkişafına dəstək vermək məqsədi ilə sığorta sisteminin (o cümlədən daşınmaz əmlakın, borcalanın həyat və iş qabiliyyətinin sığortalanması) təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görsün.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın:
5.1. Azərbaycan İpoteka Fondunun inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görsün;
5.2. əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə də gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. aidiyyəti dövlət orqanları ilə birlikdə ipoteka hüququnun yaranması ilə bağlı müqavilələrin notarial təsdiqi, bu hüquqların dövlət qeydiyyatına alınması və ipotekanın gerçəkləşdirilməsi ilə bağlı maliyyə xərclərinin azaldılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. ipoteka kağızının sadələşdirilmiş dövlət qeydiyyatı qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə "Yaşayış-tikinti əmanətləri haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.6. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2005-ci il |